- 10 May 23:45
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa və müttəfiqlərinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı planlaşdırdığı missiya hərbi yerləşdirməni nəzərdə tutmur.
E-huquq.az xəbər verir ki, Makron bu barədə Keniya Prezidenti Uilyam Ruto ilə Nayrobidə keçirdiyi birgə mətbuat konfransında danışıb.
“Fransanın və ya Fransa-Britaniya qüvvələrinin yerləşdirilməsindən heç vaxt söhbət getməyib”, – deyə Fransa lideri bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Fransanın “Şarl de Qoll” aviadaşıyıcısının Aralıq dənizinin şərq hissəsindən Hörmüz boğazına daha yaxın əraziyə göndərilməsi barədə qərar qəbul olunub.
Makron qeyd edib ki, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə 50 ölkə və beynəlxalq təşkilatı birləşdirən xüsusi missiya yaradılıb. Missiyanın məqsədi İranla koordinasiya şəraitində və region ölkələri, eləcə də ABŞ ilə gərginlikdən yayınaraq dəniz daşımalarının bərpasını təmin etməkdir.
Fransa Prezidenti əlavə edib ki, missiya ərzaq, gübrə, qaz, neft və digər malların daşınması üçün marşrutların yenidən açılmasına yönələcək.
Makron bütün tərəfləri “sakit və məsuliyyətli davranmağa” və “sözlü eskalasiyadan çəkinməyə” çağırıb.