- 00:27
Dünən Hörmüz boğazında kommersiya gəmilərinin hərəkətində son doqquz günün ən yüksək göstəricisi qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən yük, LPG, neft məhsulları və taxıl daşıyan 10 ticarət gəmisi boğazdan keçib. Bu göstərici mayın 2-də qeydə alınan 14 gəmidən sonra ən yüksək rəqəm hesab olunur.
Boğazdan keçən 10 gəmidən 5-i Körfəz istiqamətinə daxil olub, digər 5-i isə bölgədən çıxış edib. Gəmilərdən yeddisi quru yük, LPG, təmizlənmiş neft məhsulları və taxıl daşıyıb.
Məlumata görə, gəmilərin böyük hissəsi İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və Oman arasında fəaliyyət göstərib. Eyni zamanda, Argentinadan yola çıxan “Star Nasia” və Kanadadan gələn “Star Despoina” gəmiləri İrana taxıl daşıyıb.
Qeyd edək ki, Hörmüz boğazı vasitəsilə həyata keçirilən ticarət daşımalarının həcmi ABŞ–İsrail–İran gərginliyindən əvvəlki dövrlə müqayisədə təxminən 95 faiz aşağı səviyyədə qalır.
Şəbnəm Mehdizadə