Ay əslində hansı rəngdədir?


  • 12 May 17:27

NASA-nın "Artemis II" missiyası çərçivəsində Ayı yaxından müşahidə edən astronavtların açıqlamaları elm dünyasında yeni müzakirələrə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, astronavtlar Ayın məşhur təsəvvürlərin əksinə olaraq yalnız boz rəngli səthdən ibarət olmadığını deyib.

Missiya zamanı Ayın uzaq tərəfini müşahidə edən dörd astronavt Yerə qayıtdıqdan sonra Ay səthində qəhvəyi, yaşıl və fərqli tonların göründüyünü açıqlayıb. Onların sözlərinə görə, Ayın müxtəlif bölgələrində qeyri-adi rəng keçidləri və toxuma fərqləri diqqət çəkib.

Astronavtlar missiyadan əvvəl NASA daxilində geoloq və vulkanoloqlar tərəfindən hazırlanmış xüsusi 90 səhifəlik “Ay Pasportu” proqramı ilə təlim keçiblər. Mütəxəssislər hesab edir ki, insan gözünün dinamik müşahidə qabiliyyəti robot aparatların qeydə ala bilmədiyi detalları müəyyən etməyə imkan verir.

Xüsusilə Aristarx Yaylasında müşahidə olunan yaşıl rəngli mineralların Ayın dərin qatlarında yerləşən maqmanın kimyəvi tərkibi ilə bağlı mühüm məlumatlar verdiyi düşünülür. Alimlər həmin bölgədə olivin və ya piroksen kimi mineralların mövcud ola biləcəyini ehtimal edirlər.

Tədqiqatçılar üçün astronavtların missiya zamanı qeydə aldığı audio gündəliklər çəkilən fotoşəkillərdən daha böyük əhəmiyyət daşıyır. Çünki insan müşahidəsi rəng və parlaqlıq fərqlərini daha dəqiq müqayisə etməyə imkan yaradır.

Mütəxəssislərin fikrincə, bu müşahidələr Ayın vulkanik keçmişi və geoloji quruluşu barədə yeni məlumatlar təqdim edə bilər. Ay səthindəki nəhəng kraterlər və qədim lava axınlarının Günəş sisteminin formalaşma tarixini araşdırmaq baxımından mühüm “arxiv” rolunu oynadığı vurğulanır.

NASA ekspertləri hesab edir ki, astronavtların Ayın “rəngli səthi” ilə bağlı müşahidələri yaxın illərdə keçiriləcək elmi konfransların əsas mövzularından birinə çevriləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər