- 00:16
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran və ABŞ arasında atəşkəsin alternativi yenidən müharibənin başlamasıdır və bu, dünya iqtisadiyyatı ilə enerji təhlükəsizliyinə ciddi zərər vura bilər.
E-huquq.az xəbər verir ki, o, bu barədə “Al Jazeera“ telekanalına müsahibəsində danışıb.
“Atəşkəsin alternativi müharibənin yenidən başlanmasıdır. Heç kim belə ssenarinin təkrarlanmasını istəmir. Çünki bu müharibədən qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi zərər görür”, – deyə Fidan bildirib.
Türkiyə XİN başçısının sözlərinə görə, ABŞ və İran arasında aparılan danışıqlarda əsas prioritet atəşkəsin qorunub saxlanılmasıdır.
“Danışıqlar müxtəlif nəticələrlə davam edir, amma proses dayanmayacaq”, – deyə o qeyd edib.
Fidan əlavə edib ki, Türkiyə ABŞ, İran və region ölkələri, xüsusilə Qətər, Misir və İordaniya ilə təmasları davam etdirir. Onun sözlərinə görə, bu ölkələr də dialoqu təşviq etmək məqsədilə bir-biri ilə danışıqlar aparırlar.