Məzmuna keç

Əylənmək üçün 85 nəfəri öldürən tibb işçisinə ömürlük həbs cəzası verilib

Əylənmək üçün 85 nəfəri öldürən tibb işçisinə ömürlük həbs cəzası verilib

Almaniyanın Oldenburq şəhər məhkəməsi keçmiş sanitar Nils Högeli işlədiyi klinikada 85 pasiyenti öldürdüyünə görə, ömürlük həbsə məhkum edib.

E-huquq.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, 42 yaşlı Högel 2000-2005-ci illərdə Almaniyanın şimalındakı Oldenburq və Delmenxorst şəhər klinikalarında işləyib. O, verdiyi dərmanla xəstələrin ürəyinin fəaliyyətini dayandıraraq, sonra yenidən onları həyata qaytarmağa çalışırmış. Lakin bu fəaliyyət əsasən, uğursuzluqla nəticələnirmiş. Högel bu yolla 85 nəfərin ölümünə səbəb olub.

Araşdırmalar zamanı məlum olub ki, Högel öldürdüyü xəstələri şəxsən tanımayıb, o, sadəcə həmkarları qarşısında öyünmək və darıxdığı üçün belə addım atıb.

Högel 2005-ci ildə həbs edilib. Həmin vaxtdan onun cinayət işi üzrə iki dəfə məhkəmə başladılıb. 2018-ci ildə başladılan məhkəmə prosesi çərçivəsində Högelin növbətçiliyi zamanı ölmüş 130 pasiyentin məzarları açılaraq ekspertizaya göndərilib.