- 17:37
Mühafizəkarlar Partiyası zorlama və digər ağır seksual cinayətlərə görə məhkum olunmuş şəxslərə İsveç vətəndaşlığının verilməsinin qadağan edilməsini təklif edib.
E-huquq.az xəbər verir ki, təşəbbüs İsveç hökumətinin həyata keçirdiyi miqrasiya və vətəndaşlıq haqqında qanunvericiliyinin sərtləşdirilməsi siyasətinin davamı olacaq.
Baş nazir Ulf Kristerssonun sözlərinə görə, ağır cinayətlər törətmiş şəxslərə İsveç vətəndaşlığı verilməməlidir, çünki dövlət ilk növbədə zərərçəkənlərin maraqlarını qorumalıdır. Miqrasiya məsələləri üzrə nazir Yohan Forssell bildirib ki, əvvəlki sistem cinayətkarların ölkədə qalmasına və sonradan vətəndaşlıq üçün müraciət etməsinə imkan verirdi.
“Bu, cinayət qurbanlarına, əksər hallarda isə qadınlara qarşı ikiqat zərbədir. Onlar əvvəlcə ağır cinayətin qurbanına çevrilirlər, daha sonra isə həmin cinayətkarla eyni cəmiyyətdə yaşamağa məcbur olurlar”, – deyə o vurğulayıb.
Bununla yanaşı, hökumət cinayət törətmiş əcnəbilərin deportasiyası qaydalarının sərtləşdirilməsini də təklif edir. Təşəbbüsə əsasən, cərimə ilə nəticələnən xırda hüquqpozmalardan daha ağır sayılan - demək olar bütün cinayətlər deportasiya üçün əsas ola biləcək. Parlament təşəbbüsü təsdiqləyərsə, yeni qaydalar artıq sentyabrda qüvvəyə minəcək.
“Bu dəyişikliklərdən sonra Şimali Avropa ölkələri arasında cinayətkarların deportasiyası ilə bağlı ən sərt qaydalar İsveçdə tətbiq olunacaq”, – deyə Y.Forssell bildirib.
Hökumət həmçinin İsveçdən kənarda törədilmiş ağır cinayətlərin də vətəndaşlıqla bağlı müraciətlərə baxılması zamanı nəzərə alına biləcəyini istisna etmir.