- 12:10
Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində azı 5 hərbçi ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Pakistan təhlükəsizlik qüvvələri məlumat yayıb.
Hərbçilərin ölümü “Bəlucistan Azadlıq Ordusu” adlı silahlı qruplaşmanın hərbi kolonun yoluna yerləşdirdiyi partlayıcı səbəbindən baş verib.
Hadisə zamanı 7 terrorçu məhv edilib.
Qeyd edək ki, 2025-ci ildə Pakistanda baş verən 5397 terror aktının təxminən 29%-i Bəlucistanda olub və 1235 nəfər ölüb.
Bəlucistan Əfqanıstanla uzun sərhədə malikdir. Pakistan hakimiyyətinin məlumatına görə, terrorçuların düşərgələri Əfqanıstan ərazisində yerləşir.
Bəlucistanda fəaliyyət göstərən silahlı qruplar etnik azlıq olan bəlucların hüquqlarını müdafiə etdiklərini iddia edərək, Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücumlar edirlər.
Humay Eminqızı