- 08:47
Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12 nəfərə yüksəlib.
E-huquq.az xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.
Məlumata görə, paytaxtın Darnitski rayonunda dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Hadisə yerində psixoloqlar və Ukrayna Fövqəladə Hallar Xidmətinin üç kinoloji qrupu fəaliyyət göstərir.
Nəticələrin aradan qaldırılmasına ümumilikdə 170-ə yaxın xilasedici və 51 texnika cəlb olunub. Mütəxəssislər dağıntılar altında qala biləcək şəxslərin axtarışını davam etdirirlər.
Kiyev meri Vitali Kliçko bildirib ki, ölənlər arasında 15 yaşlı qız da var. Onun sözlərinə görə, zərbə nəticəsində 57 nəfər yaralanıb.
Hazırda 27 yaralının paytaxt xəstəxanalarında stasionar müalicə aldığı qeyd olunur.
***
19:05
Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb, azı 44 nəfər xəsarət alıb.
E-huquq.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında bildirib.
"Dəqiqləşdirilmiş məlumata görə, hücum nəticəsində 8 nəfər həlak olub. Onların arasında 13 yaşlı qız da var", – Tkaçenko yazıb.
***
15:07
Mayın 14-nə keçən gecə Rusiya qüvvələri Kiyevə raket və pilotsuz uçuş aparatları ilə kütləvi hücuma edib.
E-huquq.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
O bildirib ki, hücum nəticəsində 32 nəfər xəsarət alıb: “Onların arasında bir aylıq körpə də var. Hazırda biri uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib.
Hücum nəticəsində Darnitski rayonunda hündürmərtəbəli yaşayış binası qismən uçub. Ərazidə 27 nəfər xilas edilib. Dağıntılar altında qalan şəxslərin axtarışı davam edir.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hazırda Kiyevin Obolonski, Darnitski və Qoloseyevski rayonlarında hücumun nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir.
Ukrayna Hərbi Hava Qüvvələri gecə ərzində o cümlədən Xarkov, Poltava, Sumi, Donetsk, Odessa, Nikolayev, Dnepropetrovsk və Çerkassı vilayətləri istiqamətində də raketlər, pilotsuz uçuş aparatları və idarə olunan aviasiya bombalarının buraxıldığını bildirib.
Bildirilib ki, ötən 24 saat ərzində, Ukrayna ərazisinə 892 pilotsuz uçan aparat ilə hücum edilib, onlardan 710-u hava hücumundan müdafiə vasitələri ilə məhv edilib.
Humay Eminqızı