- 17:08
Estoniya hava məkanına daxil olan pilotsuz uçuş aparatı (PUA) Vortsjarv gölü üzərində NATO qırıcısı tərəfindən vurulub.
E-huquq.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib.
Nazir bildirib ki, radarlar Estoniyanın cənubuna doğru hərəkət edən PUA-nı aşkar etdikdən sonra lazımi tədbirlər görülüb və NATO qırıcısı dronu vurub.
Pevkur əlavə edib ki, Estoniya hava məkanında başqa PUA qeydə alınmayıb.
Qeyd edək ki, son aylarda Rusiya hava məkanından gələn PUA-lar Litva, Estoniya və Latviyada bir neçə dəfə qəzaya uğrayıb. Rəsmilər bu dronların Ukraynaya aid olduğunu və hücum zamanı marşrutlarından çıxdığını bildiriblər.
Rusiya isə Baltikyanı ölkələrin öz hava məkanını Ukrayna dronlarına açdığını iddia edib və xəbərdarlıqlara əməl etməsələr qisas alacağını deyib. Baltikyanı ölkələr bu iddiaları rədd edib.
Humay Eminqızı