- 20:54
İran dövlət televiziyası Tehran və Vaşinqton arasında imzalanması gözlənilən memorandumun bəzi qeyri-rəsmi detallarını yayıb.
E-huquq.az xəbər verir ki, razılaşmanın əsas istiqamətlərindən biri Hörmüz boğazında gəmi keçidi qaydalarının yenidən müəyyənləşdirilməsidir.
İran boğazdan keçən gəmilərin statusunu müəyyən edən əsas tərəf olacaq. Yükü təhlükəli hesab edilən və ya son istifadəçisi İranla düşmən münasibətdə olan ölkələrlə əlaqəli gəmilər ticari gəmi kimi tanınmayacaq və müəyyən edilmiş marşrutlardan keçmələrinə icazə verilməyəcək.
Məlumata əsasən, gəmilərin hərəkət marşrutlarının və naviqasiya xidmətlərinin qiymətlərinin müəyyənləşdirilməsi də İranın səlahiyyətində olacaq. Bundan əlavə, hər bir gəmi yükü, sahibi və təyinat məntəqəsi ilə bağlı məlumatları İran Hərbi Dəniz Qüvvələrinin aidiyyəti mərkəzinə təqdim etməli olacaq.
Yayılan qeyri-rəsmi mətnə görə, İslamabad çərçivə anlaşmasının əsas bəndlərindən biri İranın dondurulmuş aktivlərinin azad edilməsidir. Razılaşmaya əsasən, ABŞ 60 gün ərzində İranın 12 milyard dollar həcmində dondurulmuş vəsaitlərinə tam çıxışı təmin etməyi öhdəsinə götürür. Qeyd edilir ki, həmin vəsaitlər İranın müəyyən etdiyi ölkələrdəki banklara məhdudiyyətsiz şəkildə köçürülə və istifadə oluna biləcək.
İran dövlət televiziyası vurğulayıb ki, yayılan mətn hələlik qeyri-rəsmi xarakter daşıyır. Sənəd hazırda müzakirə, razılaşdırma və yenidən işlənmə mərhələsindədir.