Finlandiyada dünyanın ilk nüvə tullantıları anbarı fəaliyyətə başlayacaq


  • 17:01

Finlandiyada 433 metr dərinlikdə yerləşən "Onkalo" adlı yeraltı nüvə tullantısı anbarında əməliyyatların yaxın vaxtlarda başlaması gözlənilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu obyekt dünyada işlənmiş radioaktiv nüvə yanacağının daimi şəkildə saxlanacağı ilk geoloji anbar olacaq.

"Onkalo" Finlandiyanın cənub-qərbində, Avrajoki bölgəsində 1,9 milyard illik sabit qayalıq təbəqə üzərində inşa edilib. “Onkalo” sözü fin dilində “mağara” deməkdir.

Layihə dünyanın ən böyük ekoloji problemlərindən biri sayılan nüvə tullantılarının təhlükəsiz saxlanması üçün uzunmüddətli həll kimi qiymətləndirilir. İsveç və Fransa kimi ölkələrdə oxşar layihələr olsa da, Finlandiyanın bu sistemi ilk dəfə tam tətbiq edən ölkə olacağı bildirilir.

Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsinin (STUK) iyun ayında obyektə son təsdiqi verməsi gözlənilir. Bundan sonra əməliyyat lisenziyası qüvvəyə minəcək və tullantıların daşınmasına başlanacaq.

İlkin mərhələdə tullantılar Olkiluoto Atom Elektrik Stansiyasının müvəqqəti anbarından “Onkalo”ya köçürüləcək. Obyektin ümumi tutumu 6500 ton uran təşkil edir və Finlandiyanın beş nüvə reaktorundan çıxan yanacaq burada saxlanılacaq.

Layihənin inşasına 2004-cü ildə başlanılıb və təxminən 1 milyard avroya başa gəlib. Planlara görə, tullantılar burada 100 min illərlə təhlükəsiz şəkildə saxlanılacaq və zamanla radiasiya səviyyəsinin təbii uran filizi səviyyəsinə enəcəyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər