- 16:14
Hindistanın paytaxtı Yeni Dehlidə yerləşən hosteldə baş verən güclü yanğın nəticəsində azı 21 nəfər həyatını itirib, 40-dan çox şəxs isə yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın səhər saatlarında Yeni Dehlidəki "Flourish Stay" hostelinin birinci mərtəbəsində fəaliyyət göstərən restoranda başlayıb.
Hələlik səbəbi müəyyən edilməyən alov qısa müddətdə binanın yuxarı mərtəbələrinə yayılıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğının sürətlə yayılması binada təşvişə səbəb olub, bəzi şəxslər isə sıx tüstü və alovdan xilas olmaq məqsədilə pəncərələrdən tullanmağa məcbur qalıblar.
Xilas edilən yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib.
Həlak olanların əksəriyyətinin xarici vətəndaşlar, əsasən Orta Asiya və Afrika ölkələrindən olduğu qeyd edilir.
Hindistanın Baş naziri Narendra Modi sosial media hesabında həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.
Faktla bağlı araşdırma başladılıb, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Şəbnəm Mehdizadə