- 16:02
Yaxın Şərqdə davam edən müharibə nəticəsində yaranan xammal böhranı Yaponiyanın plastik istehsalında əsas rol oynayan nafta tədarükünə mənfi təsir göstərib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə mağazalar, supermarketlər və çörəkxanalarda plastik torbalar, yemək qabları və tibbi əlcəklərin çatışmazlığı müşahidə olunur. Qiymət artımları və təchizat problemləri qida və sənaye sektoruna ciddi təsir edir.
Yaponiya xam neft və nafta ehtiyacının böyük hissəsini Yaxın Şərqdən idxal edir. Nafta yalnız plastik istehsalında deyil, həm də çap mürəkkəbləri, yapışdırıcılar və tibbi ləvazimatların hazırlanmasında istifadə olunur.
Yaponiya Neft-Kimya Sənayesi Assosiasiyasının məlumatına əsasən, polietilen istehsalı mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalıb. Digər plastik növlərində də oxşar azalmalar qeydə alınıb.
Hökumət rəsmiləri vəziyyəti müvəqqəti logistik problem kimi qiymətləndirsələr də, sənaye nümayəndələri böhranın yaxın aylarda daha da dərinləşə biləcəyini bildirir.
Ölkədə bəzi müəssisələr artıq qənaət tədbirlərinə başlayıb. Supermarketlərdə plastik torbaların istifadəsi azaldılıb, bəzi çörəkxanalarda isə qablaşdırma çatışmazlığı səbəbindən xəbərdarlıqlar asılıb. Tullantıların plastik torbalara ayrılması sistemi də çətinliklərlə üzləşib.
Böhran digər Asiya ölkələrinə də təsir edib. Cənubi Koreyada plastik zibil torbalarına tələbat kəskin artıb, Tayvanda isə plastik qiymətlərində ciddi yüksəliş qeydə alınıb.
Şəbnəm Mehdizadə