Keniya ABŞ-yə Ebola karantin müəssisəsinin tikintisinə icazə verir


  • 17:26

Keniya hökuməti ölkədə planlaşdırılan ABŞ-la əlaqəli Ebola karantin müəssisəsinin tikintisi ilə bağlı müzakirələr fonunda mühüm açıqlama verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi layihənin həyata keçirilməsi zamanı ictimai məsləhətləşmələrin keçirilməyəcəyini bildirib.

Səhiyyə naziri Aden Duale parlamentdə çıxışı zamanı qeyd edib ki, müəssisənin tikintisi Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyasına qarşı hazırlıq tədbirlərinin tərkib hissəsidir və ictimai sağlamlığın qorunması hökumətin birbaşa konstitusion öhdəliyidir.

Milli Assambleyada deputatların suallarını cavablandıran Duale vurğulayıb ki, Ebola kimi təhlükəli yoluxucu xəstəliklər sərhəd tanımır və belə hallarda operativ qərarların qəbul edilməsi həyati əhəmiyyət daşıyır.

“Bu epidemiya keniyalıların yoluxmasından əvvəl geniş məsləhətləşmələr tələb edən bir vəziyyət deyil”, - deyə nazir bildirib.

Məlumata görə, müəssisənin Laikipia Hərbi Hava Bazasında inşa olunması nəzərdə tutulur. Layihənin əsas məqsədi bioloji təhlükələrə qarşı sürətli reaksiya imkanlarını gücləndirməkdir. Rəsmilər obyektin yalnız xarici vətəndaşlara deyil, zərurət yarandıqda Keniya vətəndaşlarına da xidmət göstərəcəyini bildirirlər.

Nazir Duale müəssisənin yalnız müəyyən bir ölkənin maraqlarına xidmət edəcəyi ilə bağlı iddiaları da rədd edib. Onun sözlərinə görə, layihə milli və regional səviyyədə yoluxucu xəstəliklərlə mübarizə imkanlarını artırmağa yönəlib.

Keniya hökuməti bəyan edib ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə görülən tədbirlər ölkənin İctimai Səhiyyə Qanununa uyğun həyata keçirilir və bu, dövlətin hüquqi öhdəliyidir.

Nazir həmçinin xatırladıb ki, Keniya ilə ABŞ arasında bioloji təhlükələrin azaldılması sahəsində əməkdaşlıq sazişi 2015-ci ildə imzalanıb, 2017-ci ildə parlament tərəfindən ratifikasiya edilib və 2022-ci ildə yenilənərək 2029-cu ilə qədər uzadılıb. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin məqsədi epidemiya və digər bioloji təhlükələrə qarşı hazırlıq səviyyəsini artırmaqdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər