- 17:15
Son 4 ildə Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyiş əldə olunub.
E-huquq.az xəbər verir ki, bu barədə İstanbulda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Ermənistanla münasibətlərin normallaşdırılması prosesi əvvəlki istiqamətdə və Azərbaycanla sıx koordinasiya şəraitində davam edir. Son dörd il ərzində əhəmiyyətli irəliləyiş əldə olunub. Bizim fikrimizcə, Cənubi Qafqaz üçün əsas imkan və məqsəd bundan ibarətdir ki, sülhün təməlləri möhkəmləndikcə nəqliyyat infrastrukturunun inkişafı layihələri daha mühüm nəticələr verəcək. Nəqliyyat infrastrukturu gücləndikcə, öz növbəsində, sülhün sosial-iqtisadi bazası da daha da möhkəmlənəcək”, - nazir deyib.
O qeyd edib ki, bu konsepsiyanın ən ümidverici təsdiqi Azərbaycan və Ermənistan arasındakı sülh prosesində görünür: “Biz Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirik və sülh sazişinin təxirə salınmadan imzalanacağına ümid edirik”.
Fidan bildirib ki, bugünkü iclasda üç ölkə Qafqaz regionunun gələcəyi ilə bağlı ortaq iradəni bir daha təsdiqləyib: “Biz qarşılıqlı etimadı və ümumi baxışı təsdiqlədik. Ölkələrimiz arasında əməkdaşlıq nə qədər güclü olarsa, Cənubi Qafqaz da bir o qədər təhlükəsiz və sabit olacaq”.
"Növbəti məqsədimiz enerji və nəqliyyat infrastrukturu baxımından daha inteqrasiya olunmuş region qurmaqdır. Bu inteqrasiya həm də Avropa və Asiya arasında daha təhlükəsiz, daha sürətli və proqnozlaşdırıla bilən logistikanı təmin etmək üçün strateji əhəmiyyət kəsb edir", - nazir bildirib.
Humay Eminqızı