Yaponiyada ayı hücumuna görə məktəblər bağlanıb


  • 10:57

Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən Utsunomiya şəhərində ayı müşahidə olunmasından sonra bütün məktəblərdə dərslər dayandırılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokiodan təxminən 100 kilometr şimalda yerləşən və yarım milyona yaxın əhalisi olan şəhərdə həftəsonu park yaxınlığında qara ayı görünüb. Boyu təxminən bir metr olan heyvan şəhər mərkəzində iki yeniyetmənin yanından qaçaraq uzaqlaşıb.

Ayı daha sonra yaşayış məntəqələrində və sənaye zonasında müşahidə edilib. Hadisə sakinlər arasında narahatlıq yaradıb.

Ayı hələ tutulmadığından şəhər rəhbərliyi təhlükəsizlik məqsədilə 94 ibtidai və orta məktəbdə dərsləri dayandırıb. Eyni zamanda, sakinlərə xəbərdarlıq etmək üçün küçələrdə səsgücləndiricilər yerləşdirilib.

Vətəndaşlara qapı və pəncərələri bağlı saxlamaq, ayı ilə qarşılaşdıqları halda isə ona yaxınlaşmadan ən yaxın binaya sığınmaq tövsiyə olunub. Polis və ovçular heyvanın tapılması üçün axtarış aparırlar.

Məlumata görə, Yaponiyada bu il təxminən 50 min ayı müşahidə olunub. Son aylarda Tokio ətrafında bir neçə ayı hücumu qeydə alınıb. Mütəxəssislər ayıların yaşayış məntəqələrinə yaxınlaşmasını təbii qida ehtiyatlarının azalması ilə əlaqələndirirlər.

Yerli hakimiyyət orqanları təhlükənin qarşısını almaq üçün süni intellektlə işləyən müşahidə sistemlərinin tətbiqini genişləndirməyə başlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər