- 12:04
Hərbi əməliyyatlar Yaxın Şərqdəki problemləri həll etməyə qadir deyil və yalnız regiondakı vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxarır.
E-huquq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian brifinqdə İran və İsrail arasında son zamanlar münaqişənin kəskinləşməsini şərh edərkən deyib.
“Faktlar göstərir ki, hərbi yol problemi həll edə bilməz. Gücdən tez-tez istifadə olunması yalnız vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olacaq”, - deyə rəsmi nümayəndə bildirib.
Onun sözlərinə görə, hazırkı danışıqlar həlledici mərhələdədir, buna görə də tərəflərdən heç biri yenidən hərbi münaqişəni qızışdırmamalıdır.
Lin Cian vurğulayıb ki, region ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir.
O tərəfləri təmkinli olmağa, münaqişə və qarşıdurma xarakterli hərəkətlərə son qoymağa, vəziyyətin gərginliyini azaltmaq üçün praktik addımlar atmağa və problemin həlli üçün siyasi-diplomatik yola sadiq qalmağa çağırıb.
Onun sözlərinə görə, Çin Yaxın Şərqdə müharibənin dayandırılması və sülhün bərpası istiqamətində bundan sonra da fəal rol oynamağa davam edəcək.
Humay Eminqızı