Avropada narkotikdən ölüm halları 7600-ü keçib


  • 15:55

Avropada 2024-cü ildə narkotik maddələrin həddindən artıq dozası nəticəsində ölənlərin sayı 7600-ü ötüb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Avropa Narkotik Agentliyinin (EUDA) hazırladığı “2026 Avropa Narkotik Hesabatı”nda yer alır.

Hesabat Brüsseldə keçirilən mətbuat konfransında təqdim olunub və məlumatlar Aİ-yə üzv 27 ölkə, həmçinin Türkiyə və Norveç üzrə statistikaya əsaslanır.

Sənəddə qeyd olunur ki, narkotiklə əlaqəli ölümlərin əksəriyyəti bir neçə maddənin eyni vaxtda istifadəsi ilə bağlıdır. Xüsusilə son illərdə bazara daxil olan yeni sintetik opioidlər ciddi problemə çevrilib.

Hesabata görə, 2009-cu ildən bəri Avropada 95 yeni sintetik opioid aşkarlanıb. Onlardan yeddisi ilk dəfə 2025-ci ildə qeydə alınıb.

EUDA bildirir ki, Avropada narkotik bazarı getdikcə daha mürəkkəb və proqnozlaşdırılması çətin xarakter alır. Yeni və yüksək təsir gücünə malik sintetik opioidlərin yayılması isə ictimai sağlamlıq üçün ciddi risk hesab olunur.

AVropada kokain istifadəsi yüksək səviyyədə qalır. Məlumata görə, 2024-cü ildə təxminən 4,3 milyon nəfər kokain istifadə edib, kokain asılılığı ilə bağlı müalicə hallarının sayı isə ilk dəfə 37 minə çatıb.

Sənəddə həmçinin qeyd olunur ki, narkotik qaçaqmalçılığı ilə məşğul olan qruplar hüquq-mühafizə orqanlarının əməliyyatlarından yayınmaq üçün yeni üsullardan istifadə edir. Daha kiçik limanlar, dəniz üzərindən köçürmələr, pilotsuz uçuş aparatları və inkişaf etmiş gizlətmə metodları geniş yayılıb.

Hesabatda sintetik narkotik istehsalının Avropada təhlükəsizlik və ictimai sağlamlıq üçün ciddi təhdid olaraq qaldığı vurğulanır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər