- 17:01
Böyük Britaniyada alimlər xərçəngin qarşısının alınmasına yönəlmiş yeni nəsil mRNA peyvəndi hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Oksford Universiteti ilə "Moderna" biotexnologiya şirkətinin birgə hazırladığı peyvənd genetik risk qrupuna daxil olan şəxslərdə bağırsaq və yumurtalıq xərçənginin yaranmasının qarşısını almağı hədəfləyir.
Tədqiqat xüsusilə Linç sindromu adlanan irsi genetik xəstəliyi olan şəxslərə yönəlib. DNT-nin bərpasına cavabdeh genlərdəki dəyişikliklər nəticəsində yaranan bu sindrom Böyük Britaniyada təxminən hər 300 nəfərdən birində müşahidə olunur.
Mütəxəssislərin məlumatına görə, Linç sindromu olan şəxslərdə ömür boyu bağırsaq xərçənginə tutulma riski 80 faizə qədər yüksəlir. Eyni zamanda bu şəxslərdə yumurtalıq, uşaqlıq, mədə və mədəaltı vəzi xərçəngi kimi digər onkoloji xəstəliklərin yaranma ehtimalı da yüksəkdir.
Yeni peyvənd Covid-19 vaksinlərində uğurla tətbiq olunan mRNA texnologiyası əsasında hazırlanıb. Bu texnologiya orqanizmə virus yeritmək əvəzinə, hüceyrələrə immun reaksiyanı formalaşdıran genetik göstərişlər ötürür.
Alimlər bildirirlər ki, peyvənd immun sisteminə xərçəngdən əvvəlki mərhələdə yaranan anormal hüceyrələri tanımağı və onları məhv etməyi öyrədəcək. Beləliklə, hüceyrə mutasiyalarının xərçəngə çevrilməsinin qarşısı alına bilər.
Peyvəndin klinik sınaqlarının birinci mərhələsi bu yay başlayacaq. Bu mərhələdə optimal doza müəyyən ediləcək və preparatın təhlükəsizliyi qiymətləndiriləcək. Tədqiqatın ikinci, daha genişmiqyaslı mərhələsinin isə 2027-ci ildə həyata keçirilməsi planlaşdırılır.
Tədqiqatçılar hesab edirlər ki, layihənin uğurlu nəticələri gələcəkdə digər geniş yayılmış xərçəng növlərinə qarşı profilaktik peyvəndlərin hazırlanmasına da imkan yarada bilər. Bundan əlavə, yeni preparatın xərçəng xəstəliyinə qalib gəlmiş şəxslərdə xəstəliyin təkrar yaranması riskini azaltmağa kömək edəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə