- 12:23
Avropa əhalisinin yalnız 10 faizi ABŞ-ni müttəfiq kimi görür.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 ölkədə aparılan sorğuda respondentlərin əksəriyyəti hücum zamanı ABŞ-nin onlara kömək edəcəyinə şübhə edir.
Orta hesabla respondentlərin yalnız 10–11 faizi ABŞ-ni etibarlı müttəfiq hesab edir. Altı ay əvvəl bu rəqəm 16%, 2024-cü ilin noyabrında isə 22% idi.
Sorğu iştirakçılarının əksəriyyəti ABŞ-nin hücum zamanı onlara kömək edəcəyinə inanmır. Hesabatda ABŞ-nin Yaxın Şərqdəki siyasəti, Qrenlandiya ilə bağlı təhdidləri, Avropa bazalarından qoşun çıxarma planları və NATO ilə bağlı şübhələri avropalıların praqmatik mövqeyini gücləndirdiyi vurğulanır.
Avropalılar milli müdafiə xərclərinin artırılmasını dəstəkləyirlər. Respondentlərin 47%-i müdafiə xərclərini maliyyələşdirmək üçün Aİ-nin birgə borclanmasını dəstəkləyir, 35%-i isə bunun əleyhinədir.
Sorğu göstərir ki, avropalıların əksəriyyəti ABŞ-nin hərbi texnikasına strateji asılılığın azaldılmasını istəyir. "Avropanı özümüz qoruyacağıq" yanaşması Danimarkada 75%, Hollandiya və İsveçdə 70%-dən çox dəstək alıb.
Trampın vəzifədən getməsi ilə ABŞ-Avropa münasibətlərinin yaxşılaşacağına ümid edənlər üstünlük təşkil edir, xüsusən Fransa, İspaniya, Danimarka, Hollandiya və İsveçdə bu göstərici 60% və daha yüksəkdir.
Enerji məsələsində isə 44% avropalı Rusiyadan neft və qaz idxalının bərpasına mənfi yanaşır.
Şəbnəm Mehdizadə