Bu ilin mayı dünyada müşahidə olunan ikinci ən isti may ayı olub


  • 15:05
2026-cı ilin may ayı dünyada müşahidə olunan ikinci ən isti may ayı kimi qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin peyk monitorinq proqramı olan Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) məlumat yayıb.

Bildirilib ki, Avropa qitəsi may ayında mövsümi normaları xeyli üstələyən erkən isti hava dalğasının təsiri altında qalıb. İngiltərə, Fransa, İrlandiya və Portuqaliyada rekord yüksək temperatur qeydə alınıb.

Məlumata görə, Şimali Afrikadan gələn isti hava kütləsinin yaratdığı "istilik qübbəsi" effekti Qərbi Avropada temperaturun normadan xeyli yüksəlməsinə səbəb olub. Avropanın bəzi bölgələrində havanın temperaturu 35-40 dərəcəyə çatıb.

Kopernik mütəxəssisləri temperaturun sürətlə artmasının insanların, kənd təsərrüfatının və ekosistemlərin yeni iqlim şəraitinə uyğunlaşmasını çətinləşdirdiyini vurğulayıblar.

Hesabata əsasən, may ayında dünya üzrə səth havasının orta temperaturu 15,81 dərəcə Selsi olub. Dəniz səthinin temperaturu isə tarixdə qeydə alınan ikinci ən yüksək may göstəricisi kimi ölçülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər