Qahirədə Məmlük dövrünə aid nəhəng su şəbəkəsi tapılıb


  • 15:57

Misirin paytaxtı Qahirədə aparılan arxeoloji qazıntılar zamanı şəhərin orta əsrlərdəki şəhərsalma və hidravlik mühəndisliyinə işıq salan böyük tapıntılar aşkarlanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qazıntılar zamanı dərin quyular, su çarxları, daş kanallar, həmçinin dəfn edilmiş məscid və tarixi türbələr aşkar edilib.

Səlahəddin Qalasının yaxınlığındakı əl-Yasar və əl-Hattaba məhəllələrində çalışan mütəxəssislər Məmlüklər dövrünə (1250-1517) aid nəhəng su şəbəkəsini və yerin altında basdırılmış digər tarixi tikililəri tapıblar.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi ilə Fransa Şərq Arxeologiyası İnstitutunun birgə layihəsi olan qazıntılar qalada su təminatına dair tarixi fərziyyələri dəyişə bilər. Qazıntılar zamanı daş bloklardan tikilmiş, 8-10 metr dərinliyində iki quyu, dörd su çarxı və onlara bağlı daş kanallar aşkar edilib. Bu sistemin yüksəkdə yerləşən Səlahəddin Qalasına su nəql edən son həlqə olduğu ehtimal edilir.

Qazıntılar zamanı həmçinin Məmlük dövrünə aid məscidin mehrabı, qiblə divarı, tağları və orijinal daş döşəməsi demək olar ki, tam qorunmuş halda tapılıb. Məscidin yaxınlığında erkən İslam dövrünə aid türbələr, Məmlük və Osmanlı dövrünə aid sikkələr, möhürlər, zərgərlik əşyaları, keramika qablar və 19-cu əsrə aid silah parçaları da aşkar edilib.

YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş bu qazıntılar üçölçülü rəqəmsal üsullarla sənədləşdirilir.

Mütəxəssislər bildirirlər ki, qazıntılar davam etdikcə, qala daxilində suyun paylanması ilə bağlı yeni tapıntılar da ortaya çıxacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər