Polis adı ilə 70 yaşlı kişinin 960 min pulunu ələ keçirmək istədilər


  • 16:22

Türkiyənin Nevşehir vilayətinin Avanos rayonunda yaşayan 70 yaşlı Nuri Çekinir telefon dələduzlarının hədəfinə çevrilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, özlərini polis kimi təqdim edən şəxslər ona zəng edərək şəxsi məlumatlarının qanunsuz məqsədlərlə istifadə edildiyini və adına şirkət açıldığını bildiriblər.

Dələduzlar göndərdikləri saxta sənədlərlə yaşlı kişinin etibarını qazanaraq onu uzun müddət manipulyasiya ediblər.

Onlar Nuri Çekinirdən məsələnin məxfi saxlanılmasını tələb ediblər. Yaşlı kişi də verilən göstərişlərə inanaraq evdə topladığı 960 min türk lirəsini banka aparıb göstərilən hesaba köçürmək istəyib.

Lakin bank əməkdaşları onun davranışlarından şübhələnərək polisə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Nuri Çekiniri dələduzluğa məruz qaldığına inandıra bilib və pul köçürülməsinin qarşısını alıblar.

Beləliklə, 960 min türk lirəsi son anda dələduzların əlinə keçməkdən xilas edilib.

Zərərçəkmiş bildirib ki, göndərilən sənədlərə inandığı üçün prosesin rəsmi dövlət əməliyyatı olduğunu düşünüb və bu barədə heç kimə məlumat verməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər