- 09:55
"İran nüvə silahı əldə edərsə ağlasığmaz nəticələrlə üzləşəcək".
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İranın nüvə proqramı ilə bağlı mövqeyi qətidir: "Onlar onu inkişaf etdirməyəcəklər, əldə etməyəcəklər və onunla heç nə etməyəcəklər. Əgər etsələr, ağlasığmaz nəticələrlə üzləşəcəklər".
Tramp İranla əldə olunan razılaşmanı "ədalətli saziş" kimi qiymətləndirərək ABŞ-nin bu prosesdə maliyyə öhdəliyi daşımadığını vurğulayıb: "İrana heç bir maliyyə vəsaiti köçürmürük və hər hansı maliyyə dəstəyi vermirik".
ABŞ prezidentinin sözlərinə görə, razılaşmanın əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. O bildirib ki, Tehran heç bir halda nüvə silahına sahib olmamalıdır və ilkin razılaşmada bu prinsip yer alsa da, onun fikrincə bu kifayət deyil.
Tramp, həmçinin iddia edib ki, əgər İran nüvə silahı əldə etsə, bu, region üçün ciddi təhlükə yarada bilər: "Əgər onların nüvə silahı olsaydı, İsraili məhv edərdilər. Yaxın Şərqi məhv edərdilər və yəqin ki, bizə də hücum edərdilər".
O, İranda rejim dəyişikliyinin heç vaxt onun məqsədləri arasında olmadığını iddia edərək, rejim dəyişikliyinə dair keçmiş cəhdlərin əksəriyyətinin uğursuz olduğunu qeyd edib.
Tehran administrasiyasında əhəmiyyətli itkilərin olduğunu iddia edən Tramp hazırda "son dərəcə rasional insanlarla" məşğul olduqlarını bildirib.
Şəbnəm Mehdizadə