- 10:49
Almaniyanın əhalisi ötən il 2020-ci ildən bəri ilk dəfə azalıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) 2025-ci il üçün əhali məlumatlarını açıqlayıb.
Məlumatlara görə, ölkədə yaşayan insanların sayı əvvəlki ilə nisbətən təxminən 110.000 (0,1 faiz) azalaraq 2025-ci ilin sonuna qədər 83,5 milyona çatıb.
Bunun səbəbi miqrasiya və ölüm nisbətlərinin doğum nisbətlərini aşmasıdır.
Ölkəyə gələn və gedənlər arasındakı fərqi göstərən xalis miqrasiya rəqəmi əvvəlki ildəki 430.000 nəfərdən 2025-ci ildə 235.000 nəfərə düşüb.
Coğrafi olaraq, Şərqi Almaniya əyalətlərində əhali 0,5 faiz azalıb, Qərbi Almaniyada isə bu azalma 0,1 faiz olaraq qalıb.
Berlin, Hamburq və Bremen kimi şəhər-dövlətlər əhali artımını qeydə alan dövlətlər kimi seçilirdi.
Ölkə əhalisinin sayında COVID-19 pandemiyası səbəbindən immiqrasiyanın dayandığı 2020-ci il istisna olmaqla, 2011-ci ildən bəri hər il sabit artım qeydə alınıb.
Qeyd edilib ki, mövcud demoqrafik inkişaflar ölkənin yaş strukturunu əhəmiyyətli dərəcədə dəyişdirir. 60-79 yaş qrupundakı əhali 2,5 faiz artıb, digər bütün yaş qruplarında isə azalma müşahidə olunub. Əksinə, II Dünya Müharibəsindən sonra doğum nisbəti aşağı olan nəsillərin bu yaşa çatması səbəbindən 80 və daha yuxarı yaşda olan əhali 151 000 nəfər azalıb.
Ölkədə, həmçinin 20 yaşınadək uşaq və gənclərin sayında 88 000, 20-59 yaş arası işləyən yetkin əhalidə isə 409 000 nəfər azalma müşahidə olunub. Bu dəyişikliklə 60 və daha yuxarı yaşda olan əhalinin payı ümumi əhalinin 31 faizinə yüksəlib.
Almaniya vətəndaşları üçün 60 və daha yuxarı yaşda olan əhalinin payı 34,1 faiz təşkil etsə də, xarici vətəndaşlar üçün bu nisbət 13,4 faiz olaraq qalıb. Xarici əhalinin 67,6 faizinin 20-59 yaş qrupunda məhsuldar yetkinlərdən ibarət olması diqqət çəkib.
Almaniyadakı xarici əhali ötən il 39.000 nəfərlik məhdud artımla 12,4 milyona çatıb. Bu artım, xarici əhalinin 283 000 nəfər artdığı əvvəlki illə və qaçqın əhalisinin yüksək olduğu 2015-2022-ci illər ilə müqayisədə son 15 ildə ən aşağı artım tempi kimi qeydə alınıb.
Əhalinin ümumi sayında xarici vətəndaşların ən yüksək nisbəti 20-59 yaş qrupunda 20 faiz, ən aşağı nisbət isə 60 yaşdan yuxarı qrupda 6,5 faiz olub.
Ölkədəki ən böyük xarici qrupa gəldikdə, Türkiyə vətəndaşları 1 385 000 nəfərlə birinci yeri qoruyub saxlayıblar. Onları 1 167 000 nəfərlə ukraynalılar, 856 000 nəfərlə suriyalılar, 763 000 nəfərlə rumınlar və 700 000 nəfərlə polyaklar izləyir.
Şəbnəm Mehdizadə