ABŞ-də xəstəxanada atışma: 1 ölü, 1 yaralı


  • 09:26

ABŞ-nin Delaver ştatında yerləşən "Christiana Care Wilmington" xəstəxanasında silahlı insident baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla təxminən saat 15:30 radələrində Uilminqton şəhərində qeydə alınıb.

Polisin məlumatına görə, naməlum silahlı şəxs xəstəxanada iki nəfəri hədəf alıb və hücumdan sonra ərazidən qaçıb. İnsident nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Şübhəlinin tutulması üçün genişmiqyaslı əməliyyat başlanılıb. Qurbanların kimliyi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

ABŞ mediasının hüquq-mühafizə mənbələrinə istinadən yaydığı məlumata görə, hücumun xəstəxana əməkdaşı tərəfindən həyata keçirildiyi ehtimal olunur və hadisə digər işçilərə qarşı yönəlib.

Hadisədən sonra hüquq-mühafizə orqanları xəstəxananın bütün mərtəbələrində axtarış aparıb, bəzi işçilərin isə xəstələri qorumaq üçün otaqlarda barrikada qurduğu bildirilib.

Əməliyyatların başa çatmasından sonra xəstəxananın fəaliyyətini bərpa etdiyi qeyd olunur.

Uilminqton meri Con Karni hadisəni şəhər üçün ağır gün kimi qiymətləndirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər