- 12:17
İŞİD terror təşkilatının Türkiyədə media və təbliğat strukturuna rəhbərlik etdiyi iddia edilən “Əbu Ubeydə/Əbu İbrahim” kod adlı Əhməd Kazancı saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD-in qondarma Xorasan vilayəti (ISKP) strukturuna qarşı xüsusi əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində təşkilatın media və təbliğat fəaliyyətlərində mühüm rol oynadığı iddia edilən Əhməd Kazancı ələ keçirilərək Türkiyəyə gətirilib.
Məlumata görə, MİT Əhməd Kazancının İŞİD-in Xorasan strukturlarına qoşulmaq məqsədilə Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə qeyri-qanuni şəkildə keçdiyini və burada təşkilatın düşərgələrində fəaliyyət göstərdiyini müəyyən edib.
Kəşfiyyat araşdırmaları zamanı Kazancının daha əvvəl Pakistanda saxlanılaraq Türkiyəyə qaytarılan və İŞİD-in Türkiyə üzrə media rəhbəri olduğu iddia edilən “Əbu Yasir əl-Türki” kod adlı Özgür Altun ilə sıx əlaqədə olduğu da müəyyən edilib. Altunun həbsindən sonra Əhməd Kazancının onun vəzifələrini üzərinə götürdüyü və təşkilatın Türkiyə üzrə media fəaliyyətini davam etdirdiyi bildirilir.
MİT-in izləməsi nəticəsində Kazancının Pakistanda İŞİD-ə qarşı keçirilən hava hücumlarından sağ çıxdığı, daha sonra təlimlərini tamamlayaraq qanunsuz yollarla Türkiyəyə keçməyi və burada təşkilati fəaliyyətlərini davam etdirməyi planlaşdırdığı müəyyən olunub. Bu məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində o, sərhəd bölgəsində yaxalanıb.
Dindirilmə zamanı Əhməd Kazancının ittiham olunan fəaliyyətlərini etiraf etdiyi və təşkilat daxilindəki roluna dair ətraflı məlumat verdiyi qeyd olunur.
MİT tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı potensial fəaliyyətlərin qarşısının alındığı, təşkilatın işə cəlb etmə şəbəkəsinin ifşa edildiyi və mühüm materialların ələ keçirildiyi bildirilib.
Şəbnəm Mehdizadə