Fransa məktəblərdə mobil telefon qadağasını genişləndirməyə hazırlaşır


  • 17:36

Fransa hökuməti ibtidai və orta məktəblərdə tətbiq olunan mobil telefon istifadəsi qadağasının əhatə dairəsini genişləndirməyi planlaşdırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni tədris ilindən etibarən bu məhdudiyyətin tam orta məktəblərə də şamil edilməsi nəzərdə tutulur.

Fransa Təhsil Naziri Eduard Geffrey "France Info"ya açıqlamasında məktəblərdə qaydalar və gənclərin sosial media istifadəsi ilə bağlı mövcud müzakirələrə toxunub.

O bildirib ki, 15 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışının məhdudlaşdırılmasına dair qanun layihəsinin yay aylarında təsdiqlənməsi gözlənilir.

Nazir qeyd edib ki, 2018-ci ildən bəri ibtidai və orta məktəblərdə qüvvədə olan mobil telefon qadağasının tam orta məktəbləri də əhatə etməsi gündəmdədir: "Düşünürəm ki, bu, şagirdlərimiz üçün vacibdir".

Məlumata görə, 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini tənzimləyən layihə yanvarda Milli Assambleya, apreldə isə Senat tərəfindən qəbul edilib. Lakin tərəflər arasında hələ də müəyyən fərqlər qalır və qanunun qüvvəyə minməsi üçün hər iki palatanın eyni mətni təsdiqləməsi tələb olunur.

Qeyd edək ki, Avropada yetkinlik yaşına çatmayanların sosial media istifadəsinə dair məhdudiyyətlər son dövrlərdə daha geniş müzakirə olunur. Böyük Britaniya 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını məhdudlaşdıran qaydaları gələn ilin əvvəlindən tətbiq etməyi planlaşdırır. Avstraliyada isə oxşar qadağalar 2025-ci ilin dekabrında qüvvəyə minib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər