- 17:18
Məcburi qrip peyvəndi tələbinin ləğv edilməsindən sonra ABŞ-nin Texas ştatında yerləşən Lackland Hərbi Hava Qüvvələri bazasında onlarla hərbçi qripə yoluxub.
E-huquq.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hərbi rəsmilər yoluxmanın yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görüldüyünü bildiriblər. Simptomları olan şəxslər təcrid edilir və müalicəyə cəlb olunur.
Qrip əlamətləri olan hərbçilərə antiviral preparatlar verilir, virusa məruz qalma ehtimalı olan şəxslər isə nəzarətdə saxlanılır.
Lackland bazası ABŞ Hərbi Hava Qüvvələri, Kosmik Qüvvələri, ehtiyat və Milli Hava Qvardiyası üçün əsas təlim mərkəzlərindən biridir.
Qeyd edək ki, aprel ayında Pentaqon uzun illər tətbiq edilən peyvənd tələbini ləğv edib və bu qərarın hərbi hazırlığa təsirləri müzakirə olunur.
Eyni zamanda, bazada ibtidai hərbi təlim keçən bir kursantın təcili tibbi yardım zamanı vəfat etdiyi bildirilib. Onun ölüm səbəbi araşdırılır və hadisənin qrip epidemiyası ilə əlaqəsi hələ təsdiqlənməyib.
Şəbnəm Mehdizadə