Qlobal istehlakçıların ətraf mühitə vurduğu zərərin illik dəyəri məlum olub


  • 17:18

Qlobal istehlakçıların ətraf mühitə vurduğu zərərin illik dəyəri 1,7-5,7 trilyon dollar arasında dəyişir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat Hollandiyanın Leiden Universitetinin yeni araşdırmasında yer alıb. Tədqiqatı Inge Schrijver, Rutger Hoekstra və Paul Behrens aparıb.

Araşdırmada dünyanın ən zəngin 10 faiz istehlakçısının ekoloji təsirləri analiz edilib. Buraya karbon emissiyaları, biomüxtəlifliyin itkisi, su istifadəsi, azot və fosfor tullantıları kimi göstəricilər daxil edilib.

Nəticələrə görə, varlı istehlakçıların hər birinə düşən illik "ekoloji borc" 2300–7500 dollar arasında dəyişir. Ən böyük ziyan biomüxtəlifliyin itirilməsi ilə bağlıdır və ümumi təsirin 47-56 faizini təşkil edir. Daha sonra 36-45 faizlə iqlim dəyişikliyi gəlir.

Ölkələr üzrə göstəricilər fərqlənir. Məsələn, ABŞ-də ən zəngin 10 faizin adambaşına ekoloji borcu 19 000–63 000 dollar arasında dəyişir. Hindistanda isə bu rəqəm 410-1400 dollar təşkil edir.

Tədqiqatda qeyd olunur ki, yalnız vergi siyasəti ekoloji problemləri tam həll edə bilməz. Lakin varlı təbəqədən alınacaq ekoloji vergilər davamlı istehlaka keçidi sürətləndirə və ətraf mühitin qorunmasına əlavə maliyyə mənbəyi yarada bilər.

Alimlərin fikrincə, belə vergilər 2030-cu ilə qədər biomüxtəlifliyin qorunması üçün yüz milyardlarla dollarlıq maliyyə boşluğunu azaltmağa kömək edə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər