- 12:47
Yunanıstanın bir sıra adalarında su ehtiyatlarının kəskin azalması səbəbilə 12 adada fövqəladə vəziyyət elan olunub.
E-huquq.az Yunanıstan KİV-ə istinadən xəbər verir ki, qərar quraqlıq, artan su istehlakı və zəif infrastruktur səbəbindən qəbul edilib.
Belə ki, turistlərin çox olduğu adalar da bu siyahıya daxildir.
Yunanıstanın Ətraf Mühit və Su Ehtiyatları üzrə Baş Katibi Petros Varelidis bildirib ki, su qıtlığı müvəqqəti deyil, uzunmüddətli problemdir və yeni turizm layihələri planlaşdırılarkən su infrastrukturuna xüsusi diqqət yetirilməlidir.
Onun sözlərinə görə, bəzi adalarda içməli su şəbəkələrində itkilər 60 faizə qədər yüksəlir və yeni tikintilərdən əvvəl mövcud sistemlərin yenilənməsi vacibdir.
Zəlzələnin Planlaşdırılması və Mühafizəsi Agentliyinin rəhbəri Efthimios Lekkas isə dəniz suyunun yeraltı şirin su ehtiyatlarına qarışma riskinin artdığını bildirib.
Mütəxəssislər su çatışmazlığının həlli üçün dəniz suyunun duzsuzlaşdırılmasını mümkün variant kimi görsələr də, bunun yüksək xərc və enerji tələbi səbəbindən təkbaşına davamlı həll olmadığı qeyd olunur.
Son illərdə Yunanıstanda quraqlıq və artan turizm xüsusilə ada bölgələrində su ehtiyatlarına ciddi təzyiq yaradıb.
Şəbnəm Mehdizadə