Çin 46 ABŞ şirkətinə tenderlərdə iştirakla bağlı məhdudiyyət tətbiq edib


  • 11:48

Çin ABŞ-nin 46 şirkətinə dövlət satınalmaları üzrə tenderlərdə iştirakla bağlı məhdudiyyət tətbiq edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, həmin şirkətlər açıq tenderlərdə iştirak edə bilməyəcək və onlardan məhsul alınması qadağan olunacaq.

Məhdudiyyətlər əsasən müdafiə sənayesi şirkətlərini əhatə edir. Onların arasında Lockheed Martin, Raytheon Missiles & Defense, General Atomics Aeronautical Systems, Boeing Defence, Space & Security və General Dynamics Land Systems kimi iri şirkətlər də var.

Eyni zamanda Çin Ticarət Nazirliyi 10 ABŞ şirkətinə ixrac qadağası tətbiq edib. Qərara əsasən, Çin şirkətlərinə bu firmalara ikili təyinatlı (hərbi və mülki) məhsulların satışı da qadağan olunub. Digər ölkələrə də həmin məhsulların bu şirkətlərə ötürülməsi məhdudlaşdırılıb.

Rəsmi Pekin bu addımların milli təhlükəsizliyin qorunması, silah yayılmasının qarşısının alınması və beynəlxalq öhdəliklərin icrası məqsədi daşıdığını bildirib. Qərarın ABŞ-nin bəzi Çin şirkətlərini “hərbi şirkətlər” siyahısına salmasına cavab olduğu qeyd olunub.

Xatırladaq ki, iyunun 9-da ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Alibaba və BYD kimi Çin şirkətlərini "Çin ordusu ilə əlaqəli şirkətlər" siyahısına əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər