Avstraliyada 2,7 ton kokain müsadirə edilib, iki nəfər saxlanılıb


  • 16:25

Avstraliyada təhlükəsizlik qüvvələri mütəşəkkil cinayətkarlıq və narkotik qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyat keçirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Sidney ətrafında aparılan reyd zamanı yeraltı bunkerlərdə və konteynerlərdə gizlədilmiş təxminən 2,7 ton kokain aşkar edilərək müsadirə olunub.

Polisin uzun müddətdir nəzarətdə saxladığı mütəşəkkil cinayətkar dəstəyə qarşı həyata keçirilən əməliyyat şəhər yaxınlığındakı kənd ərazisində baş tutub. Araşdırmalar nəticəsində narkotiklərin xüsusi hazırlanmış yeraltı gizli anbarlarda saxlanıldığı müəyyən edilib. Hüquq-mühafizə orqanları narkotiklərin diqqəti cəlb etməmək üçün hissələrə bölünərək müxtəlif yerlərdə gizlədildiyini bildirib.

Reyd zamanı hadisə yerindən qaçmağa cəhd edən 21 və 25 yaşlı iki şübhəli polis tərəfindən saxlanılıb. Onların ölkəyə külli miqdarda narkotik maddənin qaçaqmalçılığı ilə bağlı olduğu və ağır ittihamlarla üzləşəcəyi bildirilir. Bu ittihamlar üzrə onlara ömürlük həbs cəzası da verilə bilər.

Müsadirə edilən narkotiklərin bazar dəyərinin təxminən 572,3 milyon ABŞ dolları olduğu qeyd olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər