ABŞ hökuməti "Titanik"dən çıxarılan artefaktların satışına mane olub


  • 14:59

ABŞ-də "Titanik" gəmisinin qalıqlarından çıxarılan 100-dən çox tarixi əşyanın hərraca çıxarılması planı hüquqi mübahisəyə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mübahisə ABŞ hökuməti ilə dağıntı yerinə xilasetmə hüquqlarına malik RMS Titanic Inc. şirkəti arasında yaranıb.

Şirkət şəxsi əşyalar, sikkələr, mətbəx və bəzək əşyaları da daxil olmaqla artefaktları sərgilərdən sonra hərraca çıxarmağı planlaşdırır.

Lakin ABŞ hökumətini təmsil edən National Oceanic and Atmospheric Administration (NOAA) bu addımın mövcud hüquqi öhdəlikləri poza biləcəyini bildirərək satışa qarşı çıxıb və məhkəmədən qadağa tələb edib.

Mübahisə artefaktların hüquqi statusu və onların vahid kolleksiya kimi saxlanılıb-saxlanılmaması ətrafında cəmləşib. Hökumət tərəfi əşyaların ayrı-ayrılıqda satılmamalı olduğunu iddia edir.

Şirkət isə Fransada və ABŞ-də çıxarılan əşyalarla bağlı məhkəmə qərarlarının fərqli olduğunu və satış üçün icazəyə ehtiyac olmadığını bildirir.

Qeyd edək ki, "Titanik"dən çıxarılan minlərlə artefakt uzun illərdir sərgilərdə nümayiş etdirilir və bəziləri əvvəlki illərdə milyonlarla dollara satılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər