- 10:12
Rusiyanın Kursk və Bryansk vilayətlərində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn bölgədə yanacağa tələbatın kəskin artdığını bildirib. Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar prokurorluq qiymət artımlarına nəzarəti gücləndirmək üçün araşdırmaya başlayıb.
Bryansk vilayəti qubernatorunun müavini Yeqor Kovalçuk isə bəzi yanacaqdoldurma məntəqələrində benzinin bahalaşdığını və bu barədə vətəndaşlardan şikayətlər daxil olduğunu deyib.
Kovalçuk qeyd edib ki, süni qıtlığın qarşısını almaq məqsədilə yanacağın avtomobillərin çənlərindən kənar qablara satışı qadağan olunub. O, həmçinin pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi səbəbindən sərhəd bölgələrinə yanacaq çatdırılmasında çətinliklər yarandığını bildirib.
Rəsmilər vəziyyətin nəzarət altında olduğunu və tədarükçülərlə daim əlaqə saxladıqlarını vurğulayıblar.
Qeyd edək ki, Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiyanın neft emalı zavodlarına hücumlarından sonra ölkədə bir sıra zavodlar fəaliyyətini müvəqqəti dayandırıb. Bunun fonunda Rusiya hökuməti yanacaq bazarını sabitləşdirmək üçün vaxtaşırı ixrac məhdudiyyətləri tətbiq edir.
Son vaxtlar Rusiyanın müxtəlif regionlarında, o cümlədən Moskvada yanacaq satışına məhdudiyyətlər qoyulub. Baş nazirin müavini Aleksandr Novak isə dizel yanacağının ixracına qadağa tətbiq olunmasının nəzərdən keçirildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə