Süni intellekt ilk dəfə məhkəmədə qələbə qazandı


  • 10:06

Böyük Britaniyada ilk dəfə süni intellekt tərəfindən hazırlanmış hüquqi materiallardan istifadə edilən məhkəmə işi uğurla nəticələnib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt əsaslı hüquq şirkətinin hazırladığı müdafiə məhkəmədə insan vəkil tərəfindən təqdim olunub və iddiaçı işi qazanıb.

Məlumata görə, İngiltərədə fəaliyyət göstərən insan resursları mütəxəssisi ona ödənilməli olan 7 min funt sterlinq əmək haqqının ala bilmək üçün süni intellekt əsaslı hüquq xidmətinə müraciət edib və bunun üçün təxminən 400 funt sterlinq ödəyib.

Vəkilləri Tənzimləmə Şurası (SRA) tərəfindən təsdiqlənən sistem məhkəməyədək hüquqi sənədlərin hazırlanmasını və işin idarə olunmasını həyata keçirib. Süni intellekt dörd şahid ifadəsi və geniş sənədlər paketi hazırlayaraq qarşı tərəfin arqumentlərinə cavab verib.

Wandsworth Rayon Məhkəməsində keçirilən iclasın nəticəsində məhkəmə borcun ödənilməsi barədə qərar çıxarıb.

Şirkətin həmtəsisçisi Filip Young bu qərarı hüquqi yardıma çıxış baxımından mühüm hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə, süni intellekt hüquqi xidmətlərin xərclərini azaltmaqla kiçik biznes və vətəndaşlar üçün məhkəmə proseslərini daha əlçatan edir.

Məhkəmədə iddiaçını təmsil edən vəkil Dominik Li isə bildirib ki, süni intellekt işi yüksək səviyyədə hazırlayıb. Bununla yanaşı, o vurğulayıb ki, məhkəmə zalında çıxış etmək, hakim və tərəflərlə ünsiyyət qurmaq və hüquqi arqumentləri təqdim etmək hələ də insan vəkillərin əsas roludur.

Mütəxəssislərin fikrincə, bu hadisə süni intellektin hüquq sahəsində düzgün tətbiq olunduğu halda mühüm rol oynaya biləcəyini göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər