"Alibaba" ABŞ hökumətini məhkəməyə verb


  • 10:12

Çinin aparıcı onlayn ticarət platforması "Alibaba" ABŞ hökumətinə qarşı məhkəmədə iddia qaldırıb.

E-huquq.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, iddia Kaliforniyanın Şimal Dairə Məhkəməsinə təqdim olunub. Şirkət iddia edir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) onu “hərbi şirkətlər” siyahısına daxil etməsi faktiki və hüquqi əsaslardan məhrumdur.

Məhkəməyə təqdim edilən sənədlərdə bildirilir ki, "Alibaba" hərbi qurumlarla əlaqəsi olmayan müstəqil idarə heyəti tərəfindən idarə olunur. Şirkətin məhsul və xidmətlərinin əsasən pərakəndə satış, logistika və informasiya texnologiyaları sahələrinə yönəldiyi, hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadə edilmədiyi vurğulanır.

İddiaya əsasən, "Alibaba"nın müqavilələri məhsul və xidmətlərin hərbi məqsədlərlə istifadəsini qadağan edir. Həmçinin şirkətin hərbi fəaliyyətlə bağlı heç bir sertifikat və ya lisenziyaya malik olmadığı qeyd edilir.

Şirkət məhkəmədən Pentaqonun qərarının ləğv edilməsini və adının “hərbi şirkətlər” siyahısından çıxarılmasını tələb edib.

Xatırladaq ki, iyunun 8-də ABŞ "Alibaba" və Çinli elektrikli avtomobil istehsalçısı BYD daxil olmaqla bir sıra şirkətləri Çin ordusu ilə əlaqəli olduğu iddiası ilə “hərbi şirkətlər” siyahısına əlavə edib.

ABŞ qurumlarını Çin şirkətləri ilə əməkdaşlığın mümkün riskləri barədə məlumatlandırmaq məqsədi daşıyan siyahı birbaşa sanksiyaların tətbiqini nəzərdə tutmur. Siyahıda aerokosmik sənaye, yarımkeçiricilər, tikinti, rabitə, kompüter texnologiyaları və süni intellekt daxil olmaqla müxtəlif sahələrdən 100-dən çox Çin şirkəti yer alır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər