- 14:32
Böyük Britaniya və Fransadan olan astronomlar Yerdən 1110 işıq ili uzaqlıqda yerləşən iki nəhəng ekzoplanet aşkarlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Oksford və Birmingem universitetləri, eləcə də Fransanın Nitsa Kot d'Azur Universitetinin alimləri NASA-nın TESS missiyası vasitəsilə müəyyən edilən “TOI-791 b” və “TOI-791 c” ekzoplanetlərini araşdırıblar.
Tədqiqat nəticəsində məlum olub ki, bu planetlər indiyədək aşkar edilmiş ən aşağı sıxlıqlı böyük ekzoplanetlər sırasındadır. Alimlərin sözlərinə görə, onların sıxlığı şirin pambıqdan da azdır. Volans bürcündə yerləşən bu planetlər bir ulduzun ətrafında dövr edir.
Tədqiqat müəlliflərindən Corc Dransfild bildirib ki, “TOI-791 b” və “TOI-791 c” ölçülərinə görə məlum olan ən yüngül planetlərdir. Onun sözlərinə görə, bu göy cisimləri əsasən hidrogen və heliumdan ibarət ola bilər və ağ və ya mavi rəngdə görünə bilər.
"Super puflar" adlandırılan bu ekzoplanetlərin yeni yaranan ulduzun ətrafındakı qaz və toz diskində formalaşdığı ehtimal edilir. Alimlər hesab edirlər ki, onlar zamanla kütlələrinin bir hissəsini itirirlər.
Planetlərin kimyəvi tərkibinin gələcəkdə NASA-nın Ceyms Uebb Kosmik Teleskopu vasitəsilə daha ətraflı öyrənilməsi planlaşdırılır.
Araşdırmanın nəticələri “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə