Belçikanın iki şəhərində ekstremal istilərə görə qırmızı xəbərdarlıq elan edilib


  • 13:22

Belçikanın Liege və Limburq şəhərlərində gözlənilən ekstremal istilərlə əlaqədar qırmızı xəbərdarlıq elan olunub.

E-huquq.az xəbər verir ki, bu barədə Belçika Kral Meteorologiya İnstitutu (IRM) məlumat yayıb. Bildirilib ki, iyunun 26-da ölkənin şərq bölgələrində havanın temperaturu 40 dərəcəyədək yüksələcək.

Qırmızı xəbərdarlıq çərçivəsində bələdiyyələr və səhiyyə müəssisələri isti hava ilə bağlı fövqəladə tədbirlər planını işə salıblar. Tədbirlər arasında yaşlı və tənha şəxslərin vəziyyətinin yoxlanılması, qocalar evlərində əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, açıq havada çalışan işçilərin mühafizəsinin gücləndirilməsi və sakinlərə günün ən isti saatlarında çölə çıxmamaq tövsiyəsi yer alır.

Bu gün ölkə ərazisində temperaturun 33-38 dərəcə arasında dəyişəcəyi gözlənilir. Böyük şəhərlərdə gecə saatlarında da isti hava davam edir və temperatur səhər tezdən belə 25-27 dərəcədən aşağı düşmür.

İsti hava şəraiti səbəbindən bəzi məktəblər və uşaq bağçaları iş qrafiklərini dəyişib, dəmir yolu nəqliyyatında isə fasilələr qeydə alınıb.

Bundan başqa, Brüsselin Uccle bələdiyyəsində iyunun 24-də qeydə alınan 34 dərəcə istilik 1976-cı ildə müəyyən edilmiş əvvəlki rekordu yeniləyib.

Meteoroloqlar yaxın günlərdə temperaturun daha da artacağını bildirirlər. Proqnoza görə, ölkədə iyun ayı üzrə yeni istilik rekordları qeydə alına bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər