- 14:34
İngiltərədə müşahidə olunan həddindən artıq isti hava şəraiti səbəbindən London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbir ləğv edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) məlumat yayıb.
Məktəbin kitabxanasında keçirilməsi planlaşdırılan “Hədsiz İsti: Qlobal İdarəetmənin Təkmilləşdirilməsi və Fəaliyyətin Gücləndirilməsi” adlı tədbir ölkədə elan olunan "qırmızı" xəbərdarlıq səbəbindən baş tutmayıb.
Tədbirdə ekspertlərin qlobal miqyasda ekstremal istilərin idarə olunması, bu sahədə mövcud çağırışlar və mümkün həll yollarını müzakirə etməsi nəzərdə tutulurdu.
Məlumata görə, İngiltərədə bazar günündən etibarən davam edən isti hava dalğası son günlər daha da güclənib. Vətəndaşlara zəruri hallar istisna olmaqla səyahətlərdən çəkinmək tövsiyə edilib.
Meteoroloqların proqnozuna əsasən, ölkədə havanın temperaturu cümə axşamı və cümə günü 38 dərəcəyədək yüksələ bilər.
Şəbnəm Mehdizadə