- 14:34
Fransada Ebola virusuna yoluxduğu təsdiqlənən həkimlə təmasda olduğu ehtimal edilən 5 nəfər ehtiyat tədbiri olaraq karantinə yerləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Stefani Rist məlumat verib.
Nazirin sözlərinə görə, Ebola virusu Konqo Demokratik Respublikasından humanitar yardım missiyasından qayıdan bir həkimdə aşkarlanıb. Həkimin xəstəliyin ilkin mərhələsində olduğu bildirilib.
Rist qeyd edib ki, həkim təyyarəyə minərkən heç bir simptom göstərmədiyi üçün həmin vaxt virusun başqalarına keçmə ehtimalı çox aşağı olub. O, uçuş zamanı baş ağrısı hiss etdikdən sonra aidiyyəti qurumlara məlumat verib. Təyyarə endikdən sonra isə həkim xəstəxanaya yerləşdirilərək 21 günlük karantinə alınıb.
Hazırda həkimlə təmasda olmuş şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır. Bu çərçivədə onunla yaxın təmasda olduğu ehtimal edilən 5 nəfər də karantinə yerləşdirilib.
Fransa Səhiyyə Nazirliyi həkimdə Ebola virusunun aşkarlandığını rəsmi şəkildə təsdiqləyib. Nazirlik bunun ölkə ərazisində qeydə alınan ilk Ebola hadisəsi olduğunu bildirib.
Məlumata görə, Fransa hökuməti vəziyyəti yaxından izləyir və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
Şəbnəm Mehdizadə