- 14:34
Böyük Britaniya hökuməti Ukraynanın bərpası üçün əlavə yardım paketi ayırıb.
E-huquq.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper məlumat yayıb.
Yeni yardım paketinə Ukraynanın dövlət şirkəti olan “Energoatom”a nüvə yanacağının tədarükü üçün Britaniyanın “Urenco” şirkəti ilə 210 milyon funt sterlinqlik müqavilə daxildir.
Bundan əlavə, Britaniya tərəfi Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Ukraynanın bərpa olunan enerji və bank sektorlarında həyata keçiriləcək layihələrə 65 milyon funt sterlinqədək vəsait ayıracaq.
“Bu investisiyalar çərçivəsində iki külək elektrik stansiyasının tikintisi və “Lviv” bankı vasitəsilə biznesə dəstək göstərilməsi nəzərdə tutulur”, - Kuper bildirib.
Eyni zamanda, Britaniya şirkətləri Lvov hava limanının modernləşdirilməsində iştirak edəcəklər.
Vəsaitin bir hissəsi Ukraynada antikorrupsiya proqramlarının, habelə məhkəmə və dövlət idarəçiliyində islahatların həyata keçirilməsinə yönəldiləcək.
Məlumata əsasən Böyük Britaniyanın Ukraynaya qeyri-hərbi yardımının ümumi həcmi 2022-ci ildən bəri 5,6 milyard funt-sterlinqə (7,4 milyard dollar) çatıb.
Humay Eminqızı