Qərbi Avropada davam edən isti hava dalğası fəsadlar törədib


  • 16:02

Qərbi Avropada davam edən güclü isti hava dalğası bir sıra ölkələrdə temperatur rekordlarının yenilənməsinə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyada 1950-ci ildən bəri ən yüksək gündəlik orta temperatur qeydə alınıb. Avropa Birliyinin Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatına görə, Avropa hazırda dünyanın ən sürətlə istiləşən qitəsidir.

Fransada isti hava daha ciddi fəsadlar yaradıb. Parisdə temperatur 41 dərəcəyə yaxınlaşıb, ölkənin 72 bölgəsində qırmızı xəbərdarlıq elan edilib. Milli orta temperatur göstəricisi 30 dərəcəyə çataraq 1947-ci ildən bəri ən yüksək səviyyəni göstərib.

Həddindən artıq istilər səbəbindən transformatorların sıradan çıxması nəticəsində Fransanın qərbində on minlərlə ev elektriksiz qalıb. Parisdəki Luvr Muzeyi və Eyfel qülləsi də daxil olmaqla bir sıra məşhur məkanlar vaxtından əvvəl bağlanıb.

İngiltərədə də rekord temperatur qeydə alınıb. Hampşirin Qosport şəhərində havanın temperaturu 36,1 dərəcəyə yüksəlib. Bəzi bölgələrdə qırmızı xəbərdarlıq qüvvədə saxlanılıb.

İspaniya Meteorologiya İdarəsinin (Aemet) məlumatına görə, ölkədə iyunun son günlərində orta gündəlik temperatur 28 dərəcəni keçərək son 75 ilin rekordunu yeniləyib. Bask bölgəsində isə temperaturun 42 dərəcəyə çatacağı proqnozlaşdırılır.

İtaliyanın 16 şəhərində qırmızı xəbərdarlıq elan olunub. Almaniya, Hollandiya və Belçikada da istilərin yaxın günlərdə pik həddə çatacağı gözlənilir.

Almaniyada isti hava səbəbindən boğulma halları qeydə alınıb. Bavariyada 26 yaşlı gənc Dunay çayında həyatını itirib. Ölkənin bir sıra əyalətlərində sakinlərə suya qənaət etmək çağırışı edilib, bəzi şəhərlərdə isə manqal yandırmaq qadağan olunub.

Hollandiyanın cənub və mərkəzi bölgələri üçün narıncı xəbərdarlıq verilib. Belçikada da ölkənin böyük hissəsində eyni səviyyəli xəbərdarlıq qüvvədədir. Meteoroloqlar yaxın günlərdə temperaturun Belçikada 37, Hollandiyada isə 39 dərəcəyə qədər yüksələcəyini bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər