- 15:50
"Hantavirus epidemiyası ilə bağlı vəziyyət stabildir və epidemiya sona çatmaq üzrədir".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, Cənubi Afrikada epidemiyanın başlanğıcında qeydə alınan iki yoluxma faktı ilə bağlı təmaslı şəxslərin müəyyənləşdirilməsi prosesi başa çatıb.
Qebreyesus qeyd edib ki, "MV Hondius" gəmisinin ekipajı da daxil olmaqla, İspaniya və Hollandiyada karantin və monitorinq tədbirləri tamamlanıb. İyunun 25-nə olan məlumata görə, nəzarətdə saxlanılan təmaslı şəxslərin sayı 30-dan azdır.
ÜST rəhbəri bildirib ki, indiyədək hantavirusa 13 yoluxma halı qeydə alınıb. Onlardan üçü ölümlə nəticələnib.
"Vəziyyət stabildir və epidemiya sona yaxınlaşır", - deyə Qebreyesus bildirib və cavab tədbirlərində iştirak edən ölkələrə əməkdaşlığa görə təşəkkür edib.
Şəbnəm Mehdizadə