- 11:34
ABŞ-də ölkənin geniş ərazisini əhatə edən güclü istilər səbəbindən 35 ştat üzrə təxminən 162 milyon nəfər üçün həddindən artıq istilik xəbərdarlığı elan edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, meteoroloqlar həftə ərzində hava temperaturunun daha da yüksələcəyini proqnozlaşdırırlar.
Məlumata görə, bəzi bölgələrdə temperatur 35 dərəcə, cənub və ölkənin daxili hissələrində isə 40 dərəcə Selsini ötəcək.
Yüksək rütubətin təsiri ilə hiss olunan temperaturun (istilik indeksi) 40-46 dərəcə Selsi arasında dəyişəcəyi gözlənilir.
İstilik dalğasının təsir edəcəyi şəhərlər sırasında Boston, Nyu-York, Filadelfiya, Baltimor, Vaşinqton, Çikaqo, Minneapolis, Sent-Luis, Neşvil, Atlanta, Orlando və Klivlend yer alır.
ABŞ Milli Hava Xidmətinin məlumatına görə, bazar ertəsi Çikaqoda faktiki hava temperaturu 33 dərəcə Selsi olsa da, hiss olunan temperatur 38 dərəcəyə çatıb. Bu göstəricinin həftənin ortalarına qədər 43 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Sinoptiklər bildirirlər ki, təhlükəli istilər həftə ərzində ölkənin mərkəzi bölgələrində davam edəcək, çərşənbə günündən etibarən isə şimal-şərq ştatlarını da əhatə edəcək.
Bundan əlavə, iyulun 4-dən etibarən ABŞ-ın müxtəlif bölgələrində 100-ə yaxın yüksək temperatur rekordunun yenilənə biləcəyi ehtimal edilir.
Çikaqo meri Brandon Conson keçirdiyi mətbuat konfransında sakinləri ehtiyatlı olmağa çağırıb. O, kondisioneri olmayan vətəndaşlara pərdələri bağlı saxlamağı, pəncərələri isə qismən açıq qoymağı tövsiyə edib. Mer həmçinin şəhərdə altı ictimai soyutma mərkəzinin fəaliyyət göstərəcəyini açıqlayıb.
Brandon Conson sakinlərə bol su qəbul etməyi və xüsusilə yaşlı, xəstə və digər həssas qonşularının vəziyyəti ilə maraqlanmağı tövsiyə edib.
Mütəxəssislər vurğulayırlar ki, istilik dalğaları qasırğa və ya güclü fırtınalar kimi ani təsir göstərməsə də, onların insan orqanizminə mənfi təsiri zamanla yığılır. Xüsusilə gecə saatlarında sərinləmək imkanı olmayan şəxslərin risk qrupuna daxil olduğu, isti vurmasının isə ağır, hətta ölümcül nəticələrə səbəb ola biləcəyi bildirilir.
Şəbnəm Mehdizadə