Böyük Britaniya qaçqınlardan 10 000 funt sterlinq geri ödəmə tələb edəcək


  • 11:34

Böyük Britaniya hökuməti sığınacaq almış şəxslərin işə başladıqdan sonra dövlət tərəfindən onlara göstərilən yaşayış və sosial dəstək xərclərinin bir hissəsini geri ödəməsini nəzərdə tutan yeni plan təqdim edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı parlamentə təqdim olunan yeni immiqrasiya və sığınacaq qanun layihəsinə əsasən, kifayət qədər gəlir əldə edən yetkin şəxslər dövlətin onlar üçün çəkdiyi təxminən 10 min funt sterlinq məbləğində xərci mərhələli şəkildə geri ödəməli olacaqlar.

Qanun layihəsinə görə, bu öhdəlik Böyük Britaniyada işləmək hüququ əldə edən sığınacaq sahiblərinə şamil ediləcək və borcun tam ödənilməsi daimi yaşayış icazəsinin verilməsi üçün şərtlərdən biri olacaq.

Böyük Britaniyanın Daxili İşlər naziri Şabana Mahmud bildirib ki, sığınacaq dəstəyi həm hüquq, həm də məsuliyyətdir. Onun sözlərinə görə, maddi imkanı yaranan şəxslərin dövlətin və cəmiyyətin göstərdiyi dəstəyə töhfə verməsi gözlənilir.

Sənədə əsasən, sığınacaq müraciəti rədd edilsə də, ölkədə qalmağa davam edən şəxslər də gəlirləri müəyyən edilmiş həddə çatdıqdan sonra bu xərclərin ödənilməsinə cəlb edilə bilərlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il Böyük Britaniyada sığınacaq axtaran şəxslərin dəstəklənməsi üçün təxminən 4 milyard funt sterlinq vəsait xərclənib.

Rəsmi statistikaya əsasən, ictimai yaşayış obyektlərində bir nəfərin gecəlik yerləşdirilməsi orta hesabla 23,25 funt sterlinq, hotellərdə isə 144 funt sterlinq təşkil edir. Sığınacaq alan şəxslərə ödənilən həftəlik cibxərcliyi isə adambaşına 9,95-49,18 funt sterlinq arasında dəyişir.

Qaçqın Şurası da daxil olmaqla bir sıra vətəndaş cəmiyyəti təşkilatları təşəbbüsü qaçqınlara tətbiq edilən əlavə maliyyə yükü kimi qiymətləndirərək onu ədalətsiz adlandırıblar. Oksford Universitetinin Miqrasiya Rəsədxanasının ekspertləri isə qaçqınlar arasında məşğulluq səviyyəsinin aşağı olması səbəbindən hökumətin gözlənilən gəlirləri toplamasının çətin ola biləcəyini bildirirlər.

Bu arada, müxalifətdəki Mühafizəkarlar Partiyası Leyborist hökumətini sözügedən siyasəti onların əvvəlki təkliflərindən götürməkdə ittiham edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər