- 16:21
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
"TRT Haber"in məlumatına görə, İstanbul Respublika Prokurorluğu və şəhər polisi terror təşkilatının fəaliyyətinin ifşası məqsədilə birgə əməliyyat həyata keçirib.
İstintaq zamanı müəyyən olunub ki, şübhəlilər qeyri-qanuni dərnək və ibadət məkanlarında təşkil etdikləri dini dərslər və toplantılar vasitəsilə İŞİD-ə tərəfdarlar cəlb edib, fitrə, zəkat və infaq adı altında ianələr toplayıblar.
Məlum olub ki, qrup üzvləri radikal dini təbliğat apararaq insanları qanunsuz ibadət məkanlarına cəlb etməyə çalışıblar. Onların dövlətin İslam qanunları ilə idarə olunmadığını və radikal ideologiyanı təbliğ etdikləri müəyyən edilib.
Prokurorluğun 42 nəfər barəsində həbs qərarı çıxarmasından sonra İstanbulun 43 ünvanında, o cümlədən iki qeyri-qanuni ibadət məkanında eyni vaxtda əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 39 şübhəli saxlanılıb.
Axtarışlar zamanı ünvanlarda silah-sursat, bir pilotsuz uçuş aparatı və çoxsaylı rəqəmsal materiallar ələ keçirilib.
Şəbnəm Mehdizadə