- 17:06
İtaliyada 10 gündür davam edən güclü isti hava dalğası daha dörd nəfərin həyatına son qoyub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Genuya şəhərində 86 və 74 yaşlı iki qadın istilərin təsirindən dünyasını dəyişib. Padua yaxınlığındakı Abano Terme qəsəbəsində bir fəhlə, Mantua şəhərində isə miqrant ferma işçisi də yüksək temperatur səbəbindən ölüb.
Bununla da ötən həftədən bəri ölkədə isti hava ilə əlaqədar ölənlərin sayı ən azı 10 nəfərə çatıb.
Nazirlik Roma da daxil olmaqla 25 şəhərdə bu gün və sabah üçün "qırmızı" hava xəbərdarlığı elan edib. Xəbərdarlıq Ankona, Bari, Bolonya, Florensiya, Genuya, Milan, Palermo, Neapol, Trieste, Verona və digər şəhərləri əhatə edir.
Ölkənin şimal bölgələrində isə gündüz saatlarında temperatur rekord həddə yüksəlib. Axşam saatlarında yağan güclü leysan bəzi ərazilərdə daşqınlara, ağacların aşmasına və nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub.
Meteoroloqların proqnozuna görə, sabahdan etibarən isti hava dalğası zəifləyəcək, ölkənin bir sıra bölgələrində yağışlı hava müşahidə olunacaq.
Şəbnəm Mehdizadə