"WhatsApp" istifadəçilərinə YENİLİK


  • 16:06

"WhatsApp" istifadəçilərə telefon nömrəsini paylaşmadan yalnız istifadəçi adı vasitəsilə əlaqə saxlamağa imkan verəcək yeni məxfilik funksiyasını təqdim edəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdakı aylarda mərhələli şəkildə bütün dünyada istifadəyə veriləcək funksiya ümumilikdə 3 milyard istifadəçini əhatə edəcək. İstifadəçilər tətbiqdə özlərinə unikal istifadəçi adı təyin edə biləcəklər. Bu seçim könüllü olacaq və istifadəçi adı istənilən vaxt dəyişdirilə və ya silinə biləcək.

Yenilik tam tətbiq olunduqdan sonra yeni söhbətə başlamaq üçün telefon nömrəsini paylaşmağa ehtiyac qalmayacaq. Bunun əvəzinə istifadəçi adı kifayət edəcək. Eyni zamanda, arzuolunmaz mesajları bloklamaq və şikayət etmək imkanları qorunub saxlanılacaq.

İstifadəçi adları maksimum 35 simvoldan ibarət olacaq. Tanınmış şəxslərin və məşhurların adlarından sui-istifadənin qarşısını almaq üçün əlavə məhdudiyyətlər tətbiq ediləcək.

"WhatsApp"ın Məhsul Meneceri Alice Newton-Rex bildirib ki, xüsusilə qrup söhbətlərində istifadəçilər telefon nömrələrini tanımadıqları şəxslərlə paylaşmaq istəmədiklərini bildirirdilər. Onun sözlərinə görə, yeni funksiya istifadəçilərə şəxsi məlumatlarını daha yaxşı qorumaq imkanı verəcək.

Yeni funksiya istifadəyə verildikdən sonra telefon nömrələri profillərdə gizli qalacaq. Bununla belə, "WhatsApp" hesabı yaratmaq üçün telefon nömrəsi yenə də tələb olunacaq. Platformada istifadəçi adları üzrə açıq axtarış kataloqu da yaradılmayacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər