Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti 50 faizdən çox artıb


  • 16:30

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra Hörmüz boğazında ticarət gəmilərinin hərəkəti əhəmiyyətli dərəcədə artıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşma boğazın beynəlxalq ticarət gəmiçiliyi üçün açıq qalmasını nəzərdə tutur. Bunun fonunda ötən həftə boğazdan keçən ticarət gəmilərinin sayı əvvəlki həftə ilə müqayisədə təxminən 54 faiz artıb.

"Kpler" analitik şirkətinin məlumatına əsasən, 15-21 iyun tarixlərində Hörmüz boğazından 223 ticarət gəmisi keçib. Bu göstərici gündə orta hesabla 32 gəmi təşkil edib. Növbəti həftə isə boğazdan keçən gəmilərin sayı 343-ə yüksəlib və gündəlik orta göstərici 49 olub.

İyunun 24-də boğazdan 76 ticarət gəmisinin keçidi qeydə alınıb ki, bu da son dövrün ən yüksək göstəricisi hesab olunur. Məlumata görə, iyunun 29-da boğazdan keçən 40 gəmi ən azı 6 milyon barel xam neft daşıyıb.

Bununla belə, gəmi hərəkəti hələ də münaqişədən əvvəlki səviyyədən təxminən 70 faiz aşağı qalır. Sənaye nümayəndələri ABŞ və İran arasında danışıqların qeyri-müəyyənliyi səbəbindən daşımalarda ehtiyatlı mövqenin davam etdiyini bildirirlər.

Qeyd edək ki, Hörmüz boğazından əsasən İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveytdən xam neft və neft məhsulları daşıyan tankerlər istifadə edir. Məlumata görə, boğazdan keçən gəmilərin əhəmiyyətli hissəsi İranın ərazi sularından keçən marşrutla hərəkət edir və onların böyük qismi "kölgə donanması"na aid və ya sanksiyalara məruz qalmış gəmilərdir.

Oxşar xəbərlər